Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planı və 2021-ci il fevral ayının 17-də Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən verilmiş tapşırıqlara əsasən Ağbulaq kəndində ailə təsərrüfatlarının inkişaf etdirilməsi, bu sahədə bacarığı olanlara dəstək göstərilməsi, ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların yüksək səviyyədə qablaşdırılaraq turistlərə təqdim olunması istiqamətində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonu Ağbulaq kəndində ailə təsərrüfatçıları ilə görüş keçirilmişdir.
Tədbirdə ailə təsərrüfatlarının yaradılmasının əhəmiyyəti, ailə təsərrüfatlarının muxtar respublika iqtisadiyyatındakı rolu barədə məlumat verilmiş, həmçinin son illər muxtar respublikamızda bu sahəyə böyük dəstəyin olması sayəsində ailə təsərrüfatlarının sayının xeyli artdığı, fəaliyyət dairələrinin genişləndiyi vurğulanmışdır.
Ağbulaq kəndində ailə təsərrrüfatlarının inkişaf etdirilməsi, onların istehsal etdikləri məhsulların yüksək səviyyədə qablaşdırılmasının əhəmiyyəti tədbir iştirakçılarına geniş izah edilmişdir.
Görüşdə yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən 12 layihənin təqdimatı olmuş və Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin qaydaları haqqında ətraflı məlumat verilmişdir.
Sonda ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti