3 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub

 

Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri əsas götürülərək ölkəmizdə yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Göynük kənd avtomobil yolu da yenidən qurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, ümumi uzunluğu 9,5 kilometr olan Nəcəfəlidizə-Nəhəcir-Göynük kənd avtomobil yolunun yatağı genişləndirilib, 2,2 kilometrə asfalt örtük verilib. Hazırda tikinti işləri davam etdirilir. Yolda 38 metal boru, 20 beton su keçidi qoyulub, 3 körpü təmir edilib, 1230 metr su kanalı çəkilib.

Ali Məclisin Sədri Nəhəcir-Göynük kənd avtomobil yolunda işlərin davam etdirilməsi barədə tapşırıq verib.