“FAW Group Corporation” şirkətinin nümayəndələri ilə görüş keçirilib

 

    Dekabrın 1-də “FAW Group Corporation” şirkətinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində yerli istehsal məhsullarının sərgiləndiyi Naxçıvan Biznes Mərkəzi ilə tanış olub. Tanışlıq zamanı nümayəndə heyətinə məlumat verilib ki, Mərkəz muxtar respublikanın biznes mühitinin və istehsal imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir. Burada qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri haqqında məlumat alan nümayəndə heyəti yüngül və ağır sənaye, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə, muxtar respublikanın ixrac potensialı ilə xüsusilə maraqlanıb.

Sonra Naxçıvan Biznes Mərkəzinin konfrans zalında iqtisadiyyat naziri Tapdıq Əliyev “FAW Group Corporation” şirkətinin MDB və Asiya ölkələri departamentinin rəhbəri Sun Veinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə çıxış edən iqtisadiyyat naziri qonaqları salamlayıb, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı barədə məlumat verib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialını vurğulayıb.
Sənaye sahəsində əlaqələrdən danışan nazir Tapdıq Əliyev “FAW Group Corporation” şirkəti ilə Naxçıvan Avtomobil Zavodu arasında uğurlu əməkdaşlığın olduğunu vurğulayıb, bu əmakdaşlığın müsbət nəticələrindən danışıb. Bildirib ki, Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub, 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin “CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD.” Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Zavod 2010-cu il yanvarın 11-də istismara verilib. Zavodun ümumi istehsal gücü ildə 5000 avtomobildir. 2010-cu ildən istifadəyə verilən Naxçıvan Avtomobil Zavodunun yaradılmasına ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlət maliyyə dəstəyi göstərilib. 
Əməkdaşlığın genişləndirilməsinin yeni iş yerlərinin açılmasına imkan yaratdığını qeyd edən nazir məlumat verib ki, 2019-cu ilin aprel ayından Naxçıvan Avtomobil Zavodu “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil edildikdən sonra müəssisədə kompleks tədbirlər həyata keçirilib. Belə ki, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının rəhbəri Vüqar Abbasov və rəhbərlik etdiyi nümayəndə heyəti 2019-cu il avqustun 25-dən sentyabrın 1-dək Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində nümayəndə heyəti tərəfindən Çinin “Lifan İndustrial Group”, “FAW İndustrial Group” və digər böyük avtomobil istehsalçıları ilə danışıqlar aparıb, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi yolları müzakirə edilib.
Məlumat verilib ki, Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən zavodda yeni brend olan FAW avtomobillərinin istehsalına başlanılıb. Ötən dövr ərzində zavod tərəfindən 55 ədəd FAW markalı avtomobil istehsal edilərək satışa verilib.
Nazir “FAW Group Corporation” şirkətinin avtomobil sahəsində böyük təcrübəsinin olduğunu nəzərə alaraq Naxçıvan Avtomobil Zavodunun fəaliyyətinin genişləndirilməsində və yeni modellərin istehsalında onları yaxından iştirak etməyə dəvət edib. 
“FAW Group Corporation” şirkətinin MDB və Asiya ölkələri departamentinin rəhbəri Sun Vei muxtar respublikaya səfərindən məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən Sun Vei qeyd edib ki, 1953-cü ildə qurulan “FAW” zavodu Çinin ən qədim avtomobil istehsalçısıdır. Hazırda “FAW” yüngül, orta və ağır yük maşınları, “SUV” avtomobilləri, avtobuslar və kiçik vasitələr də daxil olmaqla, altı kateqoriyalı avtomobillər istehsal edir. Şirkət 2017-ci ildə 3 milyon avtomobil istehsal edib. Sun Vei iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb və bildirib ki, işgüzar səfər şirkətin muxtar respublikanın biznes və investisiya imkanları ilə daha yaxından tanış olması üçün yaxşı fürsətdir.
Görüşdə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının rəhbəri Vüqar Abbasov muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib, muxtar respublikanın xarici investisiyalar üçün cəlbedici olduğunu, dövlət tərəfindən tətbiq edilən dəstək mexanizmlərinin xarici investorlar üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb.
Görüşün sonunda “FAW Group Corporation” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti