Dünya Plastik Sənayesi 31-ci dəfə Tüyapda görüşüb

 

Bölgədəki plastik sənayesinin ən əhəmiyyətli sərgisi olan Plast Eurasia İstanbul, 31-ci ilində ən böyük istehsalçıları bir araya gətirib. Tüyap Fuar Təşkilat Tikinti AŞ şirkətinin 1-4 dekabr tarixlərində İstanbuldakı Tüyap Sərgi və Konqres Mərkəzində PAGEV ilə birgə təşkilatçılığı ilə “Plast Eurasia İstanbul-2021 31-ci Beynəlxalq İstanbul Plastik Sənayesi Sərgisi”  keçirilib.

Hər il keçirilən və Avropanın plastik sənaye sahəsində ən böyük tədbir olan sərgidə 40-dan çox ölkənin mindən artıq şirkəti və ya təmsilçisi, aidiyyəti sahədə fəaliyyət göstərən 100-dən çox ölkənin 50 mindən artıq ziyarətçisi  iştirak edib.

Plastik sənayesi sahəsində ən yeni məhsul və texnologiyaların nümayiş olunduğu beynəlxalq sərgidə muxtar respublikada fəaliyyət göstərən “Cahan Pen” MMC-nin və  “Cahan Sənaye Kompleksi” MMC-nin nümayəndələri tədbirdə iştirak ediblər.

Sərgi müddətində muxtar respublika nümayəndələri plastik sənayesində fəaliyyət göstərən mövcud və yeni xarici tərəfdaşlarla görüşüb, avadanlıqların yenilənməsi və yeni layihələr haqqında müzakirələr aparıb və əməkdaşlığa dair ilkin razılaşma əldə ediblər. 

          Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti