Meyvəçiliyin və tərəvəzçiliyin inkişafına lazımi şərait yaradılıb

 

 

     
 

Muxtar respublika əhalisinin təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasında yaradılan soyuducu anbar və istixana təsərrüfatlarının mühüm rolu vardır. Bu istiqamətdə nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası nəticəsində cari ilin ötən dövrü ərzində  muxtar respublikada ümumi tutumu 1820 ton olan  soyuducu anbarın yaradılması başa çatdırılmış, 1 soyuducu anbarın yaradılması davam etdirilmişdir. Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu məqsədlə 1 soyuducu anbarın yaradılmasına 925 min 778 manat kredit verilmişdir. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 400 ton olan 50 soyuducu anbar fəaliyyət göstərir.

Soyuducu anbarların gücündən tam istifadə olunması, qiymətlərin tənzimlənməsi və meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsi istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində cari ildə 1436 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla soyuducu anbarlara ümumilikdə 8703 ton meyvə-tərəvəz məhsulları tədarük olunmuşdur.

 Dövlət maliyyə yardımına innovasiya dəstəyinin də əlavə olunması meyvə-tərəvəzçilik sahəsində müasir dövrün tələblərinə uyğun yeni təsərrüfatların yaranması ilə nəticələnir. Bunlardan ən çox diqqət cəlb edəni isə istixana təsərrüfatlarıdır. Bu sahəyə göstərilən diqqətin nəticəsində cari ilin ötən dövrü ərzində 5 istixana təsərrüfatının yaradılması və 3 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Fondun güzəştli kreditləri hesabına gülçülük və limonçuluq təsərrüfatları olmaqla ümumilikdə 3 layihənin maliyyələşdirilməsinə 62 min manat vəsait ayrılmışdır.

 Haliyyədə muxtar respublikada 154 min 705 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 36 istixana təsərrüfatı fəaliyyət göstərir. İstehlak bazarının davamlı təchizatını təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində istiхana kоmplekslərində 160 min kv.m sahədə tərəvəz məhsulları yetişdirilmiş, 903 ton tərəvəz məhsulları istehsal olunaraq satışı həyata keçirilmişdir.