“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uğurla icra olunur

 

 

Aktiv məşğulluq tədbirləri içərisində yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi xüsusi önəm kəsb edir. Bu tədbirlər bir tərəfdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və genişləndirilməsi üçün stimullaşdırıcı xarakter daşıyır, digər tərəfdən müxtəlif təyinatlı müəssisələrdə yeni iş yerlərinin açılması ilə nəticələnir.

Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə birinci rübdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 18 mikrosahibkarlıq subyektinə 388 min 200 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Ümumilikdə, bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 14 istehsal sahəsinin yaradılması başa çatdırılmış, yeni yaradılan istehsal sahələrində 73 iş yeri açılmışdır. Eyni zamanda 29 sahənin yaradılması və 602 yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilmişdir.

Yerli resurslara əsaslanan istehsal və xidmət sahələrinin yaradılması istiqamətində Naxçıvan şəhəri üzrə 2 hüquqi və 3 fiziki şəxsə, ümumilikdə, 246 min, Şərur rayonu üzrə 3 fiziki şəxsə 40 min, Babək rayonu üzrə 3 fiziki şəxsə 40 min, Ordubad rayonu üzrə 2 fiziki şəxsə 18 min, Şahbuz rayonu üzrə 3 fiziki şəxsə 25 min, Kəngərli rayonu üzrə 2 fiziki şəxsə 19 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Görülən işlər yerli istehsal məhsullarından səmərəli istifadə olunması üçün əvəzolunmaz rola malikdir.

Sahibkarlığın inkişafını şərtləndirən tədbirlər içərisində dövlət maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, “Naxçıvan Biznes Mərkəzi” MMC-də sənətkаrlаr, o cümlədən  sosial qayğıya ehtiyacı olan şəxslər və qadınlar tərəfindən hazırlanmış əl işləri və sənət əsərlərinin mütəmadi olaraq sərgi və sаtışı da təşkil olunur. 2021-ci ilin üçüncü rübü ərzində sosial qayğıya ehtiyacı olan şəxslər və qadınlar tərəfindən hazırlanmış 8 ədəd əl işi satış məqsədi ilə qəbul edilmiş, 7 ədəd əl işinin satışı təmin edilmişdir.