Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması – bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir”. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır.
Dekabrın 13-də “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik məmulatlar istehsalı sahəsi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeni yaradılmış müəssisələr əsasən futbol-idman kompleksini, eyni zamanda istixana, heyvandarlıq, arıçılıq, quşçuluq və üzümçülük təsərrüfatlarını əhatə edir.
Muxtar respublika əhalisinin təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasında yaradılan soyuducu anbar və istixana təsərrüfatlarının mühüm rolu vardır. Bu istiqamətdə nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası nəticəsində cari ilin ötən dövrü ərzində muxtar respublikada ümumi tutumu 1820 ton olan 6 soyuducu anbarın yaradılması başa çatdırılmış, 1 soyuducu anbarın yaradılması davam etdirilmişdir. Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu məqsədlə 1 soyuducu anbarın yaradılmasına 925 min 778 manat kredit verilmişdir. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 400 ton olan 50 soyuducu anbar fəaliyyət göstərir.
Son illər həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada sahibkarlığın inkişafına təkan verib, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın güclənməsində onun rolunu artırıb. Keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabətədavamlı istehsal sahələrinin inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında sahibkarlıq həlledici amilə çevrilməkdədir. Muxtar respublikamızda sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, işgüzar fəaliyyət, biznes innovasiyası təşəbbüslərinin fəal şəkildə dəstəklənməsi, maddi rifahın artmasını şərtləndirən iqtisadi fəallığın stimullaşdırılması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunacağını söyləməyə əsas verir.
Şahbuz rayonunun Kolanı kəndində Şahbuz Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin, Dövlət Baytarlıq Xidmətinin, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları arıçılıq təsərrüfatlarının sahibkarlarının iştirakı ilə “Arıçılıq mədəniyyəti, payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılmasının və arıxanaların qışlamaya hazırlığının əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçiriblər.