Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Son illərdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müəssisə fəaliyyətə başlamış, yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmışdır.
Səhiyyənin inkişafı ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindəndir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, ucqar dağ kəndlərini də əhatə edir. Turizm bölgəsi olan Ağbulaqda inşa olunan yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də müasir səhiyyə xidməti göstərəcək.
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub. Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülmüş, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılmışdır.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması, ixracyönümlü yerli məhsulların həcminin artırılması son illərdə aparılan iqtisadi islahatların əsas tərkib hissəsini təşkil edir. Aydındır ki, iqtisadiyyatın şaxələndirilməsində, yerli məhsulların ixrac bazarlarının artırılmasına nail olunmasında ən mühüm faktorlardan biri rəqabət qabiliyyətli məhsul istehsalıdır. Rəqabət qabiliyyətlilik isə bir neçə amilə əsaslanır ki, onlardan ən əsası keyfiyyət amilidir.
Aqrar sahədə inkişafın davamlılığını təmin etmək məqsədilə dövlət proqramları, qanunlar qəbul olunur, aqrar sahənin inkişafına hesablanmış tədbirlər həyata keçirilir. “Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin” - deyən ölkə Prezidenti aqrar-sənaye kompleksinin inkişafını diqqət mərkəzində saxlayır, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində konkret tədbirlər görülür.
Şərqin qədim yaşayış məskənlərindən olan Naxçıvanın füsunkar təbiəti mineral sularla çox zəngindir. Təsadüf deyil ki, bu diyarı dünyanın təbii və mineral sular muzeyi də adlandırırlar. Ümumiyyətlə, muxtar respublikada 230-a yaxın mineral su mənbəyi mövcuddur ki, hazırda onların bir neçəsindən intensiv istifadə olunur.Öz kimyəvi tərkibinə və rəngarəngiliyinə görə seçilən bu sular tarixən həm süfrələrin bəzəyi olmuş, həm də müalicəvi su kimi istifadə edilmişdir.
Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələri hesabına istehsal olunan enerji artıq daxili tələbatı ödəməklə bərabər ixrac olunmaq gücünə də malikdir. İxrac imkanlarının daha da artırılması məqsədilə ötən ildən başlayaraq Şərur rayonunun Zeyvə kəndi yaxınlığında yeni Günəş Elektrik Stansiyası qurulur. Əkinə yararsız ərazidə tikilən yeni, 5 meqavatlıq günəş elektrik stansiyası istifadəyə verildikdən sonra muxtar respublikada günəş elektrik stansiyalarının gücü 27 meqavatdan 32 meqavata yüksələcək.
Fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi keçiriləcək.
Sərgidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib.
Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Hər bir layihə üzrə maliyyələşdirmə maksimum 20 min manat məbləğində müəyyən edilib.
Son illər ərzində muxtar respublikada irimiqyaslı və hərtərəfli iqtisadi islahatlar uğurla reallaşdırılıb, həyata keçirilən davamlı tədbirlər sayəsində əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal və emal sahələrinin, həmçinin, müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyi əhəmiyyətli investisiya mənbəyidir.