Muxtar respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən sistemli dəstək tədbirlərinin göstərilməsi, aparılan məqsədyönlü siyasət nəticəsində diyarımızda ümumrespublika və beynəlxalq əhəmiyyətli layihələrdə uğurla iştirak edən, iqtisadiyyatın inkişafına töhfə verən güclü sahibkarlar təbəqəsi formalaşıb.
Sahibkarlığın inkişafı iqtisadi tərəqqinin əsas meyarlarındandır. Çünki istənilən bölgənin tərəqqisi sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. İllərdir, dünya təcrübəsi də göstərir ki, bazar iqtisadiyyatı şəraitində bu sahəni inkişaf etdirmədən heç bir tərəqqidən, yeniliklərin tətbiqindən, ümumilikdə isə hərtərəfli inkişafdan danışmaq mümkün deyil.
Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Sənayenin inkişafına göstərilən bu diqqət ölkəmizin müxtəlif iqtisadi regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında həmin sahənin inkişafına şərait yaradıb.
2010-cu ildə fəaliyyətə başlayan “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətində müxtəlif markalı avtomobillərin komplektləşdirilmiş hissələrinin alınaraq yığılması muxtar respublikada maşınqayırma sənayesinin inkişafına müsbət təsirini göstərib. Bu günlərdə Şərur rayonunda adıçəkilən cəmiyyətin texniki xidmət bölmələri və avtomobil ehtiyat hissələrinin satışı mağazasının fəaliyyətə başlaması isə muxtar respublikada müasir nəqliyyat infrastrukturunun yaradılmasında mühüm rol oynayacaq.